FMG şirkəti Cubics Technology ilə Biznes Idarəetmə Sistemini uğurla tətbiq etdi

Ölkənin qabaqcıl şirkətlərindən biri olan Facility Management Group (FMG) uzun müddət ərzində daxili biznes proseslərinin avtomatlaşdırılması və optimallaşdırılması üçün biznes həlli axtarırdı. Müxtəlif yerli və xarici şirkətlərin təkliflərini və həllərini nəzərdən keçirdikdən sonra FMG şirkəti məhz Cubics Technology şirkətinin Cubics BMS Biznes İdarəetmə Sisteminin xeyrinə qərar verib və bu həlli uğurla tətbiq edib.

Şirkət rəhbərliyi xəbər verir ki, FMG şirkəti üçün özəl hazırlanan Cubics BMS kompleks ERP həlli CRM müştəri bazası, satış, gələn müraciətlərin detallı izlənilməsi, icarə ilə bağlı əməliyyatlar, çağrı mərkəzi, marketinq, tapşırıqlar, kadrlar, xidmətlər, layihələr kimi modulları özündə birləşdirib.

Bundan əlavə, bu həll FMG şirkətinin digər daxili biznes proseslərinin idarəsi üçün nəzərdə tutulmuş daxili proqram təminatı ilə də inteqrasiya edilib, bu da öz növbəsində FMG şirkətinə Cubics BMS sistemi sayəsində bütün biznes prosesləri tək pəncərə üzərindən izləməyə, nəzarət etməyə və idarə etməyə imkan yaradıb.

Facility Management Group (FMG) daşınmaz əmlakın icarəsini və idarə edilməsini həyata keçirən aparıcı şirkətdir. Şirkətinin əmlak portfelində 200-dən artıq kommersiya obyekti, 100-dən çox mənzil və villa, 5 ədəd biznes mərkəzi, 2 ədəd ticarət mərkəzləri və digər müxtəlif təyinatlı daşınmaz əmlaklar mövcuddur.

Cubics Technology 100-dən çox şirkətlə əməkdaşlıq edən, müxtəlif fəaliyyət ilə məşğul olan şirkətlər və fərdi sahibkarlar üçün Biznes İdarəetmə Sistemləri və digər biznes həlləri təqdim edən aparıcı texnoloji şirkətdir.